Almaniyanın xarici işlər naziri Annalena Berbok kansler Olaf Şoltsun mövqeyinin əksinə olaraq, ABŞ Prezidenti Cozef Baydenin Rusiya ərazisinin dərinliklərinə ATACMS raketləri ilə zərbə endirilməsinə icazə verməsini dəstəkləyib.
YeniAvropa xəbər verir ki, Berbok bunu “rbb24” radiosuna müsahibəsində deyib.
“Çoxdan məlumdur ki, mən və Robert Habek (Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri), mənim partiyam bu məsələyə Şərqi Avropadakı tərəfdaşlarımız, eləcə də ingilislər, fransızlar və amerikalılar kimi yanaşırıq. Bu, beynəlxalq hüquq çərçivəsindədir”, - deyə nazir bildirib. Onun fikrincə, ATACMS raketləri Rusiyadakı raket-buraxılış qurğularını məhv edə bilər.
Bununla belə, Annalena Berbok “hər addımı ölçüb-biçməyə” və dialoqa da çağırıb.
Kansler Olaf Şolts bundan əvvəl bildirmişdi ki, o, Kiyevə Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbələr endirmək hüququ verilməsinin əleyhinədir.