Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənləri sayı 1 094 847 nəfər təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze məlumat verib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstana səfər etmiş azərbaycanlı ziyarətçilərin sayında 107 209 nəfər yaxud 10,9% artım qeydə alınıb.
İlin ilk 9 ayı ərzində Azərbaycan qonşu ölkəyə səfər edənlərin sayına görə Rusiyadan (1 109 706 nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 956 076 nəfərlə Ermənistandır.
Yanvar-sentyabr aylarında Gürcüstana ümumilikdə 6 788 377 əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən illə müqayisədə 11,2% çoxdur. Əcnəbi ziyarətçilərin 3 772 102 nəfərini turistlər təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 568 398 və ya 17,7% çoxdur.
Təkcə sentyabr ayında isə qonşu ölkəyə 892 463 əcnəbi ziyarətçi (+5%) səfər edib. Onların 536 302 nəfəri turist olub ki, bu da illik müqayisədə 9,1% çoxdur.
Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 138 790 nəfər olub. İllik müqayisədə bu göstəricidə 9,8% artım qeydə alınıb.