Oktyabrın 2-də Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında Anlaşma Memorandumu imzalanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Şuranın mətbuat xidmətindən məlumat verilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov memorandumun iki qurum arasındakı əməkdaşlığın çərçivəsini müəyyən etdiyini deyib. O, memorandumun birgə təlim və seminarlar təşkil edərək təcrübə mübadiləsini, Şura Katibliyinin əməkdaşlarının və yerli mütəxəssislərin bilik, bacarıqlarının artırılmasını, uşaq hüquqlarının müdafiəsini və digər məsələləri özündə əks etdirdiyini vurğulayıb.
Şuranın üzvü Nərgiz Xələf bu memorandumun onun təmsil etdiyi ailə, qadın və uşaq məsələləri qrupuna aid QHT-lərin davamlı fəaliyyətinə müsbət təsir edəcəyini söyləyib.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan Şura ilə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə QHT-lərin inkişafına töhfə verməyi nəzərdə tutduqlarını deyib. O qeyd edib ki, UNICEF xüsusilə ailə, uşaq, gənclər mövzularında Şura ilə birgə tədbirlərin keçirilməsində maraqlıdır.