logo

Ötən il İsmayıllıya 105 minə yaxın turist gəlib

11:35 02-01-2018 | icon 2044
Ötən il İsmayıllıya 105 minə yaxın turist gəlib

İsmayıllı Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiəti, gözəl flora və faunası, tarix və mədəniyyət abidələri ilə hamı üçün olduqca maraqlıdır. Təsadüfi deyildir ki, bu yerləri görmək istəyənlərin sayı ildən-ilə artır. Yenicə yola saldığımız 2017-ci ildə rayona 104 min 760 turist gəlib ki, onların da 14 min 225-i xarici turistlərdir. Bu da 2016-cı ildəkindən 3005 nəfər çoxdur. Ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısı İsmayıllıda da bu sahədə mövcud potensialdan səmərəli istifadə üçün geniş imkanlar açıb.

YeniAvropa xəbər verir ki, bu haqda İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanov KİV-ə müsahibəsində deyib.  “Artıq rayonda 7 istiqamət – İsmayıllı şəhəri, Basqal və Lahıc qəsəbələri, Qalacıq şəlaləsi, Cavanşir qalası, İvanovka istiqaməti və Qaranohur gölü üzrə marşrutlar fəaliyyət göstərir. Təbiəti, tarixi və mədəniyyət abidələri ilə yanaşı, xarici turistləri həm də milli mətbəximiz çox maraqlandırır”,-deyə o bildirib. 

Turistlər üçün yaradılan şəraitdən danışan S.Süleymanov daha sonra qeyd edib ki, hazırda rayonda 1559 yataq yeri olan 32 istirahət mərkəzi və bir “Günəş” uşaq əyləncə parkı fəaliyyət göstərir. 238 yerlik daha 4 istirahət mərkəzi isə inşa olunur.

“İsmayıllıya gələn xarici turistlər arasında Rusiya, ərəb ölkələri, Yaponiya, Belorus, Latviya, Fransa və Almaniyadan olanlar üstünlük təşkil edir. Hazırda rayonda Yeni ili qarşılayanlar arasında xarici ölkələrdən gələn turistlər də var. Bu günlər gələnlərin ən çoxu ərəb ölkələrindəndir”,- deyə mərkəzinin direktoru vurğulayıb.