Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-sentyabrın 29-30-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, axşam saatlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 23-28°, dağlıq rayonlarda 15-20° isti olacaq.
Lənkəran-Astara bölgəsinə üz tutanları fasilələrlə yağışlı hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 23-28°, dağlıq rayonlarda 13-18° isti olacağı gözlənilir.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 25-30° isti olacağı bildirilir.
Paytaxtda hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-27° isti olacaq.