Azərbaycanda ilk apteklərdən olan, 167 il bundan əvvəl Neftçalanın Bankə qəsəbəsində açılan aptek bu gün də fəaliyyət göstərir. YeniAvropa xəbər verir ki, XIX əsrin əvvəllərində Salyan qəzasının (indiki Neftçala rayonunun) Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr, inzibati binalar Bankə qəsəbəsinə köçürülür. Bu balıq vətəgələrində yerli əhali ilə yanaşı, yüzlərlə iranlı, rus, tatar, gürcü muzdluları da çalışıblar. O vaxtlar yayılan vəba, taun və digər bu kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün vətəgələrdə zəruri tədbirlər görülüb. Elə bu məqsədlə də burada ilk aptek yaradılıb.
Əczaçı Əyyub İsmayılov KİV-ə müsahibəsində bildirib ki, aptek ilk vaxtlar balıqçı gəmisində fəaliyyət göstərib. Sonralar isə aptek qəsəbədə balıqçılar üçün daşdan və taxtadan tikilmiş ikimərtəbəli binalardan birinə köçürülüb. O vaxtkı tikililərdən bu günə kimi qalan yeganə bina da elə həmin aptekin yerləşdiyi binadır. Aptekdən təkcə Bankə qəsəbəsinin deyil, qonşu kəndlərin sakinləri də istifadə edirlər.