Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynovun həyətyanı sahəsindən çəkisi 1 kiloqram 150 qram olan marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş Zaur Məmmədovun evindən çəkisi 1 kiloqram 760 qram olan marixuana, habelə Tülü kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd çətənə kolu da aşkarlanıb.
Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Biləcəri qəsəbə sakini Aynur Həsənovdan heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq heroin, metamfetamin, həmçinin 1 ədəd pnevmatik tapança və tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.