logo

Rusiya şirkətləri Azərbaycanın 8 dövlət layihəsində podratçı qismində iştirak edir

13:23 27-09-2018 | icon 2786
Rusiya şirkətləri Azərbaycanın 8 dövlət layihəsində podratçı qismində iştirak edir

 Rusiya Federasiyasının şirkətləri Azərbaycanın 8 dövlət layihəsində podratçı qismində iştirak edirlər.

YeniAvropa xəbər verir  ki, bunu Kiçik və Orta Biznes Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sentyabrın 27-də Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində "Kiçik və orta biznes sahəsində əməkdaşlıq" mövzusunda təşkil olunan “dəyirmi masa”da deyib.

Orxan Məmmədov qeyd edib ki, Azərbaycanın Kiçik və Orta Biznes Agentliyi Rusiya Federasiyasının "Kiçik və orta sahibkarlığın inkişafı üzrə federal korporasiya" Səhmdar Cəmiyyəti ilə uğurlu əməkdaşlığın təməlini qoyub. Tərəflər arasında qarşılıqlı anlaşma memorandumu, konkret tədbirlər və onların icra müddətini təyin edən yol xəritəsi imzalanıb. Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır və bu, bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda aktiv fəaliyyəti nəzərdə tutur. Azərbaycanda Rusiya kapitallı 759 şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, nəqliyyat və kənd təsərrüfatı sahələrində təmsil olunur. Azərbaycan şirkətləri də Rusiya bazarında təmsil olunurlar.

"Biz, həmçinin Azərbaycanın kiçik və orta sahibkarları üçün satınalma təlimi keçirəcəyik. Eyni zamanda, kiçik və orta biznes klasterləri yaradılacaq ki, bu da klasterlərin daxilində fəaliyyət göstərəcək müəssisələrin rəqabətqabiliyyətliliyini yüksəldəcək", - deyə Orxan Məmmədov diqqətə çatdırıb.