logo

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

17:18 24-09-2018 | icon 2772
Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Sentyabrın 24-də Azərbaycanın baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir  ki, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Baş nazir Novruz Məmmədov qeyd edib ki, gələn ilin dövlət büdcəsinin layihəsi dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib. O qeyd edib ki, layihənin hazırlanmasında dövlət büdcəsinin həmişəki kimi sosialyönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.

Sonra gündəlikdə duran məsələlərə dair  maliyyə və iqtisadiyyat nazirlərinin müavinlərinin məruzələri dinlənilib.

Geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının prezidentinə təqdim edilsin.