logo

Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir

16:05 24-09-2018 | icon 2436
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir

Sentyabrın 24-də Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin inklüzivliyi təşviq edən 20-ci Qlobal Forumu işə başlayıb.

YeniAvropa xəbər verir  ki, sentyabrın 28-dək davam edəcək forumda 120 gənc lider iştirak edəcək. Xüsusi Olimpiya Gənc Liderlərinin 20-ci forumu Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir. Gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü- inklüziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər. Biznes qurumlarının, hökumətlərin, beynəlxalq təşkilatların nümayəndələri və Xüsusi Olimpiya Hərəkatının məqsədlərinə sadiq olan bir neçə tanınmış idmançı Forumda gənc liderləri ilhamlandıracaq.

Forum çərçivəsində Bakı İdman Sarayında voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç ustad dərsi keçib. Əvvəlcə idmançının karyerasında qazandığı uğurlar barədə qısa videoçarx nümayiş olunub.

Sonra serbiyalı Olimpiya çempionu gənc idmançılara öz dəyərli məsləhətlərini verib, peşəkar voleybolçu olmaq üçün vacib olan amillərdən bəhs edib. V.Qribiç gənc idmançıların böyük marağına səbəb olan müəyyən fəndlər göstərib, onlara topla hərəkətin, ötürmələrin yollarını və s. nümayiş etdirib.

Ustad dərslərinin yekununda qızlardan və oğlanlardan ibarət qarışıq voleybol komandaları birgə voleybol oynayıblar.

Qeyd edək ki, forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə “Lions Clubs International”, “Stavros Niarchos Foundation” və digər təşkilatlar tərəfindən dəstəklənir.