logo

Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub

20:22 23-09-2018 | icon 2611
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub

Əlcəzairdə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası keçirilib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, iclasda ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edib.

Tədbirdə cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib.

2018-ci il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib.

İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, OPEC+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliləyişlər hesab edilib. Nazir deyib: “OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişatı ümumən qənaətbəxşdir. OPEC və qeyri-OPEC ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırki yanaşma nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur”.

İclasda OPEC+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb.