Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, aparılan profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini Nüsrət İbrahimov “Makarov” markalı tapançanı, 97 ədəd müxtəlif çaplı patronu və 2 ədəd patron darağını könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinə təhvil verib.
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Hatəm Cəlilovun yaşadığı bağ evinin həyətindən torpağa basdırılmış lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı ov tüfəngi və 2 ədəd patron aşkarlanıb.
Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Cavid Süleymanovun evindən “TOZ-8” markalı ov tüfəngi, həmçinin metamfetamin preparatı aşkar edilərək götürülüb.