Sentyabrın 24-də Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu öz işinə başlayacaq.
Gənclər və İdman Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, sentyabrın 27-dək davam edəcək forum Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində keçiriləcək.
Forumun proqramına əsasən FİFA Dünya Kubokunun ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç, idman gimnastikası çoxnövçülüyü üzrə Olimpiya çempionu Nadia Komaneçi və digər məşhur idmançılar tədbirə qatılacaqlar. Futbolçu Kafu, eyni zamanda, Xüsusi Olimpiya Hərəkatının dünya üzrə yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək.
Bir neçə gün davam edəcək iclasın proqramına əsasən gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü - inklüziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan 25 ildir Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.