logo

AQTA ilə AİB arasında  əməkdaşlıq məsələləri müzakirə olunub

21:34 21-09-2018 | icon 2758
AQTA ilə AİB arasında  əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir.

Sentyabrın 21-də Qida Təhlükəsizliyi Agentliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib. AQTA-dan YeniAvropa-ya bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov agentliyin fəaliyyət istiqamətləri və informasiya texnologiyalarının tətbiqi sahəsində qarşıya qoyulan hədəflər barədə görüş iştirakçılarına geniş məlumat verib. Müşavir qida məhsullarının elektron izlənilməsi sisteminin yaradılması üçün qabaqcıl ölkələrin təcrübəsinin öyrənildiyini qeyd edib və qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Daha sonra görüş iştirakçıları innovasiyaların və rəqəmsal inkişaf texnologiyalarının qida təhlükəsizliyi sahəsində tətbiqi mövzusunda müzakirələr aparıblar.

Asiya İnkişaf Bankının nümayəndəsi Sok Yonq Yun təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri uğurlu layihələr haqqında çıxış edib. Sok Yong Yun Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strateji əməkdaşlıq imkanlarının öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş iştirakçıları qida təhlükəsizliyi sahəsində texnoloji innovasiyaların tətbiqi və idarəetmə sistemlərinin təkmilləşdirilməsi mövzusunda müzakirələr aparıblar.