logo

Bu gün Novruzun ilk müjdəçisi- Su çərşənbəsidir

09:09 27-02-2024 | icon 1533
Bu gün Novruzun ilk müjdəçisi- Su çərşənbəsidir

Bu gün baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsidir. 

Azərbaycan Milli Elmlər Akademiyasından YeniAvropa-ya bildirilib ki, Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır.

Rəvayətlərə görə, Tanrı əvvəlcə suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur.

Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Xatırladaq ki, Azərbaycanda martın 5-də Od çərşənbəsi, martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Su çərşənbəniz mübarək!