Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
YeniAvropa xəbər verir ki, bu haqda Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki, iclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək. Həmçinin cari il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.
Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılmış Monitorinq Komitəsinin iclası iki aydan bir keçirilir.