Azərbaycanın bütün ərazisində növbədənkənar prezident seçkilərində səsvermə saat 19:00-da başa çatıb.
YeniAvropa xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saat 17:00-a olan məlumatına görə, səsvermədə 4 milyon 590 min 75 seçici iştirak edib. Bu, prezident seçkilərində qeydə alınmış seçicilərin 70.85 faizini təşkil edir. Seçici fəallığına dair ilkin yekun məlumat bir qədər sonra açıqlanacaq.
Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb.
Seçki prosesini 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi izləyib. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
Xatırladaq ki, prezident postu uğrunda 7 namizəd mübarizə aparır.