Fevralın 6-sı səhər saatlarından başlayaraq əsən güclü külək səbəbindən şimal rayonlarının bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.
YeniAvropa xəbər verir ki, güclü küləyin təsirindən bəzi ərazilərdə ağaclar aşıb, rabitə və elektrik xətlərinə ziyan dəyib. Quba, Qusar və Xaçmaz rayonlarının əksər yaşayış məntəqələrində işıqlar sönüb.
Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində küləyin təsirindən yarımtikilinin dam örtüyü aşıb.
Rayon Fövqəladə Hallar komissiyalarından verilən məlumata görə, rayonlarda müvafiq qurumların nümayəndələri fəsadların aradan qaldırılması ilə məşğuldurlar. Qusar və Xaçmazın rayon mərkəzlərində enerjinin verilişi bərpa olunub. Quba rayonunda isə elektrik enerjisinin verilişində məhdudiyyət qısa müddətdə aradan qaldırılacaq.