Yanvarın 31-də Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan Elçin Məmmədov seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.
Ouen Mörfi ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən bəhs edərək azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin əhəmiyyətini vurğulayıb. Missiya rəhbəri Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının maarifləndirmə sahəsindəki əməyini yüksək qiymətləndirib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.