Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantıya Türkiyənin İstanbul şəhərində Zeytunburnu bələdiyyəsi ev sahibliyi edib.
YeniAvropa xəbər verir ki, tədbirdə ölkəmizi TDBB-nin İdarə Heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil edib.
Azərbaycan da daxil olmaqla, Albaniya, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikası, Makedoniya, Özbəkistan və Türkiyədən üzvlərin iştirak etdiyi toplantıda 2023-ci ildə təşkilatın reallaşdırdığı layihələr barədə məlumat verilib və 2024-cü ildə nəzərdə tutulan proqramlar müzakirə olunub.
Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir birinə bağlı olan bu iki ölkə arasında bütün münasibətlərin qardaşlıq prinsipləri əsasında qurulduğunu bildirib. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri çıxışında, həmçinin türkdilli ölkələrdə formalaşan yerli orqanların inkişafında, habelə müəyyən inkişaf səviyyəsinə çatmasında TDBB-nin xüsusi rolu olduğunu qeyd edib. O, Azərbaycan bələdiyyələrinin təşkilatın işində yaxından iştirak etməklə öz töhfəsini verməyə bundan sonra hazır olduğunu vurğulayıb.
İclasda TDBB-nin İdarə Heyətinin digər üzvləri çıxış edərək öz fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.
Toplantının gedişində Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) ilə Özbəkistanın Əmək Nazirliyinin Əmək və Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq protokolu da imzalanıb.
Xatırladaq ki, Türk Dünyası Bələdiyyələr Birliyinin tərkibinə 30 ölkə daxildir və İdarə Heyətinin 11 üzvü vardır.