Estoniya Parlamentində(Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, Estoniya tərəfindən dostluq qrupunun sədri Riina Solman Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovla görüşdə parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə söhbət açıb. O, bu münasibətlərin daha da inkişafı məqsədilə sədrlik etdiyi Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin əzmlə fəaliyyət göstərəcəklərinə öz inamını bildirib.
Estoniyanın istər münaqişə dövründə, istərsə də müharibədən sonra daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən R.Solman ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu deyib. O, Azərbaycanın regionda yüksək templə inkişaf etdiyini vurğulayıb və ölkəmizə mümkün səfəri zamanı özünün bu fakta şahidlik edəcəyinə əminliyini diqqətə çatdırıb.
Səfir A.Məhərrəmov isə son illər ərzində parlamentlərarası əlaqələrin müsbət dinamika ilə inkişaf etdiyini vurğulayaraq bu tendensiyanın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib. Ölkəmizdə baş tutan və cari ildə təşkil olunacaq irimiqyaslı tədbirlərdən bəhs edən səfir işğaldan azad olunmuş Azərbaycan ərazilərində sürətlə həyata keçirilən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib.