logo

Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək

16:56 25-01-2024 | icon 2415
Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər.

Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır.

Sərəncamda Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə dair tədbirlər planı hazırlamaq tapşırılıb. Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll edəcək.