logo

Tanınmış alim Paşa Kərimov vəfat edib

10:30 25-01-2024 | icon 616
Tanınmış alim Paşa Kərimov vəfat edib

Görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, “Tərəqqi” medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini professor Paşa Kərimov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA-dan bildirilib. Qeyd edilib ki, Paşa Kərimov 1959-cu il fevralın 10-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

1982-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyib. 1999-2003-cü illərdə institutun elmi katibi, 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2011-ci il noyabrın 1-dən 2014-cü il fevralın 11-dək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edib. 2014-cü ildən vəfatına kimi institutun direktor müavini vəzifəsində fəaliyyət göstərib. Həmçinin 2015-ci ildən institutun Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi.

Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olurdu. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Vadimin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirib.

Ankara, Daşkənd, Aşqabad, İstanbul, Elazığ, Taşauz, Təbriz, Kabil, Məzari-Şərif, Herat və İslamabadda keçirilən beynəlxalq konfranslarda, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərində iştirak edib.

2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.

2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülüb. Prezident İlham Əliyevin 2015-ci il 3 noyabr tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, 2017-ci il 1 mart tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində “Elm və texnologiya” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.