2023-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36 min 811 cinayət qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu sözləri daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında çıxışı zamanı söyləyib.
Bildirilib ki, qeydə alınan cinayətlərdən 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib. Cinayətlərin 94,5 faizi və ya 34 min 783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 89,6 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə сəhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, xuliqanlıqların 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluqların 98,1, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5, avtonəqliyyat vasitəsini qaçırmaların 97,2, dələduzluqların 92,1 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri isə 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib.