Milli Hidrometeorologiya Xidmətinin yanvarın 23-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir. Bakıda və Abşeron yarımadasında da səhər saatlarından sulu qar və qar yağır.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42, Qaxda 35, Ordubadda 26, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 santimetrədək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11-14 dərəcə şaxta olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 24-ü axşamadək davam edəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 24-25-də gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda magistral yolların buz bağlama ehtimalı var.