logo

Rafael Hüseynov avropalı deputatları səhv yoldan dönəyə çağırıb

20:50 22-01-2024 | icon 1302
Rafael Hüseynov avropalı deputatları səhv yoldan dönəyə çağırıb

Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) qış sessiyasının plenar iclasında qurumun Bürosunun və Daimi Komitəsinin hesabatı dinlənilib və müzakirə olunub.

YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edib.

O bildirib ki, Avropa Şurasının 75-ci ildönümünün qeyd edildiyi cari ildə keçmişə və gələcəyə, Parlament Assambleyası adından qəbul olunan qərarlara baxmaq zərurəti yaranıb.

R.Hüseynov deyib ki, 75 yaşlı bir təşkilat qəbul etdiyi hər bir qərarı yüz dəfə ölçməlidir. İkili standartlardan, qərəzdən, sifarişli addımlardan imtina etməlidir.

“XX əsrin sonlarında Avropa Şurasının Cənubi Qafqaza doğru genişlənmək qərarı veriləndə bu təşkilat son dərəcə düzgün hərəkət etmişdi. Ancaq bu gün müəyyən qüvvələrin, ilk növbədə, Fransanın birbaşa təsiri ilə Azərbaycana qarşı burada aparılan siyasət narahatlıq və ciddi etiraz doğurur. Azərbaycan müasir tarixinin ən ağır problemini həll edib, ərazilərinin 20 faizinin 30 ilə yaxın davam etmiş işğalına son qoyub. Qəribədir ki, illərlə bu münaqişənin həll edilməsində ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi əsas vasitəçilərdən olan Fransa bu gün bitmiş münaqişənin yenidən qızışdırılmasına ən ciddi cəhdlə çalışır”, - deyə R.Hüseynov bildirib.

Azərbaycanlı deputat qeyd edib ki, iki dövlət sülh müqaviləsi imzalamağa yaxınlaşdıqca Fransa ciddi cəhdlə buna mane olmaq istəyini gizlətmir. Ermənistanı silahlandırmaq təşəbbüsünü qətiyyən gizlətməyən Fransa bunu dövlət səviyyəsində bəyan edir və bu istiqamətdə konkret addımlar atır.

“Əsassız bəhanələrlə, Azərbaycanı guya Avropa Şurası ilə əməkdaşlıqdan yayınmaqda ittiham edənlər, xüsusilə də Fransa, əslində Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyənlərdir. Bu təşkilatda təzyiqli hərəkətlərin kökü Parisdən gəlir. Təşkilatda prosedurları və qəlibləşmiş qaydaları pozaraq, nümayəndə heyətimizə qarşı hər hansı təzyiqlər tətbiq etmək həvəsinə düşənlər, Azərbaycana qarşı hərəkət edənlər bir mühüm tarixi həqiqəti unutmamalıdırlar. Azərbaycanlıları qorxutmaq, onların azadlıq, suverenlik yolunda mübarizələrinə birdəfəlik son qoymaq məqsədilə 1990-cı ilin yanvarında Sovet Ordusunun hərbi birləşmələri ölkəmizə hücum edib kütləvi qırğınlar törətdilər. Ancaq bu hücum əks-nəticə verdi və SSRİ-nin dağılması Kremlin Bakıya bu hücumundan başladı. İstəməzdik ki, səmərəli əməkdaşlıq etdiyimiz Avropa Şurası ayrı-ayrı qüvvələrin təhriki ilə Azərbaycana qarşı başladığı qərəzli hücumlar nəticəsində eyni acı taleyi yaşasın. Avropa Şurasını daha qüvvətli etmək üçün indi daha çox yollar axtarmaq lazım olduğu vaxtda, təşkilatı içəridən parçalamaq, onun gələcəyi üçün təhlükələr yaratmaq əsla arzulanan deyil. Məkrli xətt tutanlar ağıllı olduqlarını xəyal etməsinlər. Bütün örtülü və açıq əməllər kənardan aydın görünür, hansı küləklərin haralardan əsdiyi də bizə çox yaxşı bəllidir”, - deyə azərbaycanlı deputat avropalı həmkarlarını tutduqları səhv yoldan daşınmağa səsləyib.