Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etmək üçün rəsmi nota göndərdiyimiz beynəlxalq təşkilatların əksəriyyətindən müsbət cavab almışıq.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin(XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib.
“XİN tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna, Müstəqil Dövlətlər Birliyinə, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatına, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata (GUAM), Türk Dövlətləri Təşkilatına və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına dəvət məqsədilə müvafiq notalar göndərilib. Mövcud prosedura əsasən, həmin təşkilatlar üzv dövlətlərə müraciət edərək müvafiq ölkədəki seçkiləri izləməyə çağırırlar. Dəvət göndərdiyimiz təşkilatların əksəriyyətindən müsbət cavablar almışıq”, - deyə A.Hacızadə vurğulayıb.
O, həmçinin qeyd edib ki, 7 fevral seçkilərini izləmək məqsədilə xarici KİV-lərdən də çoxsaylı müraciətlər daxil olub və akkreditasiya prosesi yekunlaşdıqdan sonra onların dəqiq sayı barədə məlumat veriləcək.