logo

Polis Akademiyasına sənəd qəbulu başlayıb

12:32 22-01-2024 | icon 1134
Polis Akademiyasına sənəd qəbulu başlayıb

Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 500 kursantın qəbulu üçün müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, bu ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.

Sənədlərin qəbulu yanvarın 22-dən martın 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində aparılacaq.

Namizədlər ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə, 9x12 santimetr ölçüdə 2 ədəd, 4x6 santimetr ölçüdə 4 ədəd fotoşəkili (papaqsız, rəngli, donuq kağızda) şəxsən təqdim etməlidirlər.

Abituriyentlərin fiziki hazırlıq üzrə verəcəkləri minimal normativlər aşağıdakılardır:

- turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar – 8 dəfə;

- qaçış 100 metr məsafəyə – 15 saniyə, 1000 metr məsafəyə – 4 dəqiqə;

- qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;

- arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə;

Fiziki hazırlıq normativləri ödəyə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunular. Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumat akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47 nömrəli telefonları ilə əlaqə saxlamaq mümkündür.