logo

Quba-Xaçmaz RTİ-nin sabiq müdiri 53 min manat rüşvət alıb

11:55 22-01-2024 | icon 1253
Quba-Xaçmaz RTİ-nin sabiq müdiri 53 min manat rüşvət alıb

Baş Prokurorluq Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin həbsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 2017-2022-ci illərdə Quba Rayon Təhsil şöbəsinin müdiri (hazırda ləğv olunub) və 27 noyabr 2023-cü il tarixinədək Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Qeyd olunub ki, R.Hacıyevin işlədiyi müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında R.Hacıyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.