Lənkəranın 14 kəndinin elektrik təsərrüfatı yenilənir, sovet dövründən qalan və istismar müddəti başa çatan yarımstansiyalar yenidən qurulur. Yenidənqurma işləri abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcək.
YeniAvropa xəbər verir ki, Səpnəkəran, Yuxarı Nüvədi, Şürük, Türkəkəran, Moğonojba, Tütəpeştə, Xolmili, Şıxəkəran, Seydəkəran, Kənarmeşə kəndləri, habelə Gərmətük və Aşağı Nüvədi qəsəbələrinin 10 kilovoltluq və 0,4 kilovoltluq elektrik xətləri yenisi ilə əvəz olunur.
Lənkəran Elektrik Şəbəkəsinin Baş mühəndisi Şamid Bəhrəmovun verdiyi məlumata görə, indiyədək 1000-dək 10 kilovoltluq dirəklər dəyişdirilib. Altı min kilometrədək ərazidə naqillər kabellərlə əvəz olunub. Tikilməkdə olan yarımstansiyada işin 50 faizi icra olunub.
Rayonun Səpnəkəran kəndi ərazisində 14 kəndi əhatə edən və 10 mindən artıq abonentə xidmət göstərən 8 MVA gücündə yarımstansiya hazırda 20 MVA gücündə yarımstansiya ilə əvəz edilir.
Əhalinin say artımı və tələbatı nəzərə alınaraq sözügedən kəndlərdə 64 ədəd 10/0,4 kilovoltluq transformator məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Artıq 8 kənddə bu iş başa çatıb.
Qeyd edək ki, Lənkəran Elektrik Şəbəkəsi ümumilikdə 55 min abonentə xidmət göstərir. Əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etməyə hesablanan yenidənqurma işləri israfçılıq hallarının və enerji itkisinin qarşısını alacaq.