logo

20 Yanvar–Xalqımızın azadlıq və zəfər yolunun başlanğıcı

09:00 20-01-2024 | icon 2849
20 Yanvar–Xalqımızın azadlıq və zəfər yolunun başlanğıcı

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 34 il keçir.

YeniAvropa xəbər verir ki,bu faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir.

20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda baş qaldıran separatizm, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakıya soxulması xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunurdu. Bu vəhşiliyin miqyasını görmək üçün təkcə bir fakta baxmaq kifayətdir. Belə ki, fövqəladə vəziyyətin tətbiqi elan olunanadək 82 dinc insan amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı.

Həmin gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə girdi. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

Həmin qanlı hadisə ilə əlaqədar beynəlxalq hüquq-müdafiə təşkilatı olan “Şit” ekspertlərinin hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə azadlığa gedən yolda xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri də odur ki, xalqın birliyi və milli ləyaqət hissi imperiyanın top-tüfənginə qalib gəldi.

Şəhidlərin ruhu şaddır, çünki onların qanı hədər getməyib. Otuz dörd il əvvəl başlayan çətin, məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Məhz buna görə də xalqımız 20 Yanvar faciəsinin 34-cü ildönümünü xüsusi qürur hissi və başucalığı ilə qeyd edir.