logo

Deputatlar sabah AŞ PA-nın qış sessiyasına yollanır 

16:56 19-01-2024 | icon 980
Deputatlar sabah AŞ PA-nın qış sessiyasına yollanır 

Yanvarın 22-dən 26-dək Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) qış sessiyası keçiriləcək. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak etmək üçün yanvarın 20-də Strasburq şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, eləcə də Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov və Sevil Mikayılova daxildir.

Qış sessiyasında AŞ PA Bürosunun, Daimi Komitəsinin, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının hesabatları dinləniləcək, bəzi təşkilati işlərə baxılacaq. Tədbirdə, həmçinin Serbiyada erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Yaxın Şərq və Avropa regionundakı vəziyyət nəzərdən keçiriləcək, Avropa həbsxanalarında sistemli işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, üzv dövlətlərdə media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmini kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.