Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
Bundan başqa, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyənləşdirilib:
1. Abbasova Solmaz Paşabəy qızı (1983)
2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)
3. Cəfərov Zaur Qulu oğlu (1980)
4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)
5. Məmmədov Elvin Qəfər oğlu (1993)
6. Məmmədov İlqar Habil oğlu (1964)
7. Qubadov Fərid Hüseyn oğlu (1983)
8. Quliyeva Əsmayə Cümşüd qızı (1977)
9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan vətəndaşı).
Məlumata görə, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin olunacaq.