Səudiyyə Ərəbistanı işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsinə kömək edəcək
“Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi məsələrində köməyimizi göstərəcəyik”.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib.
O, Səudiyyə Ərəbistanının Azərbaycana azad edilən ərazilərdə son mina məhv edilənədək dəstək verəcəyini açıqlayıb: “Bizim Azərbaycanla olan layihələrimiz ölkə rəhbərliyinin tapşırığı əsasında həyata keçirilir. Krallığın Azərbaycan dövlətinin rəhbərinə və xalqına böyük hörməti var. Səudiyyə Ərəbistanının bu layihədə iştirakı iki ölkə arasında dərin əlaqələrin olmasına əyani sübutdur. Biz səhiyyə, təhsil, mədəniyyət və başqa sahələrdə Azərbaycanla əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Azad edilən ərazilərdə Azərbaycan xalqı ilə birlikdə sonuncu minanı taparaq məhv etməyimizi birlikdə qeyd etmək istəyirik. Səudiyyə Ərəbistanı minatəmizləmə məsələsində Azərbaycan xalqının yanında olmaq və bu bəladan birlikdə xilas olmağı arzulayır”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək. Bu məqsədlə yanvarında 16-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamenti arasında memorandum imzalanıb.