Azərbaycan Ordusunun kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kadr orqanı işçiləri, şəxsi heyətin uçotuna, təşkilat-səfərbərlik və qeyri-məxfi kargüzarlığa cavabdeh şəxslərin iştirak etdiyi toplanışda Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov çıxış edib. Azərbaycan Ordusunda kadrların idarə edilməsi üzrə ötən il ərzində görülmüş işlərdən danışan Baş İdarə rəisi 2024-cü ildə qarşıda duran əsas tapşırıqlar barədə iştirakçıları məlumatlandırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Ordusunda uğurlu islahatlar aparılıb. Bu istiqamətdə icra edilən tədbirlərin cari ildə də davam etdiriləcəyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.
Ordumuzun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, təşkilati-ştat strukturunun təkmilləşdirilməsi üzrə icra edilən tədbirlər, əldə edilən nailiyyətlər, həmçinin kadr idarəetmə sisteminin daha da təkmilləşdirilməsi üzrə görülən işlərin müsbət təsiri diqqətə çatdırılıb.
Təlim-metodiki toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitlərinin kadr hazırlığı və komplektləşdirmə istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məruzələri dinlənilib.