logo

Çovğun səbəbindən yollarda görmə məsafəsi azalacaq-Xəbərdarlıq

15:30 12-01-2024 | icon 1099
Çovğun səbəbindən yollarda görmə məsafəsi azalacaq-Xəbərdarlıq

Yanvarın 13-dən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, yanvarın 13-ü səhərdən 14-dək 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə olacaq. Yanvarın 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir saniyədə 30-32 metrədək güclənəcək.

Sinoptik bildirib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir. Belə ki, yanvarın 12-dən 13-nə keçən gecə və səhər havanın temperaturunun 4°-yə yaxın isti olacağı proqnozlaşdırılır. Lakin günün ikinci yarısından başlayaraq havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8° enərək yanvarın 13-də axşam saatlarında 0°-yə yaxın olacağı bildirilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.

“Yanvarın 12-si gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq yanvarın 15-i səhərədək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq”, - deyə büronun direktoru bildirib.

G.Məmmədova onu da qeyd edib ki, güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görmə məsafəsinin məhdudlaşacağı ehtimal olunur.

“Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə edilir”, - deyə G.Məmmədova fikirlərinə yekun vurub.