Polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu istiqamətdə Bakının Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş paytaxt sakini Zaur Hacıyev və tanışı Bəhruz Cəbiyev Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən saxlanılıblar.
Onların üzərindən və B.Cəbiyevin idarə etdiyi avtomobildən ümumilikdə 32 kiloqram, o cümlədən 26 kiloqram heroin və 6 kiloqram psixotrop maddə metamfetamin aşkarlanıb.
Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Cəlilabad rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.