"COP29"a həm də turizmin inkişafına təkan verəcək bir fürsət kimi də baxmaq lazımdır
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır.
YeniAvropa xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən “Turizm Sənayesi Subyektlərinin Forumu”nda bildirib.
“Bu cür miqyasda tədbirlərin keçirilməsi yalnız nüfuzlu, təşəbbüskar, stabil və təhlükəsiz dövlətlərə həvalə edilir ki, məhz bu üstünlüklər Azərbaycanı digər ölkələrdən fərqləndirir. Turizm sənayesi olaraq biz də bu böyük tədbirə hazırlıqlı olmalı, qonaqların ən yüksək səviyyədə qarşılanmasını təmin etməli, Azərbaycan haqqında müsbət təəssüratlarla geri dönmələrinə nail olmalıyıq. Biz turizmçilər - hər birimiz bir hədəfə vurmalı, güclü və qalib ölkəmizin belə bir dünya miqyaslı tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməsində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik. Bu tədbir ölkəmizin tanınmasında, onun turizm potensialının dünyaya çatdırılmasında imkanlar açır. COP29-a həm də turizmin inkişafına təkan verəcək bir fürsət kimi də baxmaq lazımdır. Odur ki, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün turizm sənayesi olaraq əlimizdən gələn dəstəyi göstərməyə hazırıq", - deyə G.Qəhrəmanov bildirib.