Bakı bulvarının cənubda Bibiheybətə və şərqdə Zığa qədər mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bu, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
Qeyd olunub ki, Bakı bulvarının cənub istiqamətində uzadılması uzunluğu təqribən 5,7 kilometr olan 10,7 hektar əlavə ictimai yaşıllığın təmin edilməsinə şərait yaradacaq. Bulvarın “Ağ şəhər”dən Zığa doğru uzadılması isə uzunluğu təqribən 8 kilometr, sahəsi isə 247,8 hektar olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək. Bu ərazilər aktiv ictimai yaşıllıqlara çevrilə bilər. Təklif olunan genişləndirmə layihələri həyata keçirildikdən sonra (ümumilikdə təxminən 258,5 hektar ərazidə), yüksək keyfiyyətli ictimai yaşıllıqları olan Bakı bulvarının ümumi uzunluğu 2040-cı il və ondan sonrakı illərdə 25 kilometrdən çox olacaq. Bu yanaşmanı tətbiq etməklə, Baş Plan çərçivəsində yaşıllıqların (parklar, meydançalar və Hibrid Yaşıl Dəhlizlər) sahəsi hazırki 920 hektardan 2040-cı ilə qədər 2757,3 hektara çatacaq. Bunun sayəsində adambaşına düşən ümumi istifadədə olan yaşıllığın sahəsi 8,7 kvadratmetrə qədər artacaq.