Azərbaycan vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan prezidentinin müvafiq sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yola salma mərasimlərində çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Xidmət müddəti başa çatmış hərbi qulluqçular isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildiriblər. Hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərin və təcrübənin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini ifadə ediblər.
Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman və digər mükafatlar təqdim edilib.
Tərxis olunan hərbi qulluqçular yaşadıqları bölgələrə yola salınıblar.