logo

2023-cü il nə ilə yadda qaldı?

09:09 01-01-2024 | icon 2268
2023-cü il nə ilə yadda qaldı?

Yola saldığımız 2023-cü il Azərbaycan tarixinə daha bir uğur səhifəsi kimi yazıldı.

YeniAvropa xəbər verir ki, bu hadisələrdən ən mühümi isə sözsüz ki, dövlət suverenliyimizin tam bərpası oldu və bu,Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda dövlət Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamı yaxşı bilirdi ki, bu iş yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Qarabağ Zəfərinin davamı olaraq, bu il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminin kökünün kəsilməsi, həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılması tariximizin qürur və şərəf salnaməsinə daha bir möhtəşəm uğur səhifəsi kimi yazıldı.

Beləliklə, 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa edə bildi, işğalçı qüvvələr Qarabağdakı son nəfərinədək çıxarıldı, erməni silahlı dəstələri, onların hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü.

Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, qarşıya qoyulan əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi gücü daha da artırıldı, Türkiyə-Azərbaycan hərbi təlimləri keçirildi. Zəngəzur dəhlizinin açılması üçün effektiv addımlar atıldı.

Böyük Qayıdış Konsepsiyasını uğurla həyata keçirən ölkəmiz azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələrini həyata keçirməkdədir. Artıq Zəngilan, Füzuli və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işlər görülür.

Qarabağ Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycan dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, irimiqyaslı qlobal layihələrin mərkəzinə, Cənubi Qafqazın lider dövlətinə çevrilməyə müvəffəq olub.

2023-cü ildə baş vermiş bu və ya digər mühüm hadisələr barədə  AZƏRTAC qısa infoxronika hazırlayıb: 

2 fevral . SOCAR ilə “ACWA Power” şirkəti arasında bərpa olunan enerji mənbələrinin işlənməsinə dair saziş imzalandı.

3 fevral. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etdi.

2 mart. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi.

 9-11 mart. Azərbaycan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söylədi. 

 

12 mart. X Qlobal Bakı Forumu çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

3 may. Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirildi.

4 may. Prezident İlham Əliyev Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlqoyma mərasimlərində iştirak etdi.

12 may. Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılışı oldu.

5 iyul. Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi.

22 iyul. Şuşada Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Dövlətimizin başçısı açılış mərasimində iştirak etdi.

31 iyul. Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olundu. Prezident İlham Əliyev bu barədə Sərəncam imzaladı.

 7 avqust. Prezident İlham Əliyev Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.

19-20 sentyabr. Qarabağda lokal xarakterli antiterror tədbirləri uğurla həyata keçirildi. Ağdərə, Xocavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ərazi bütövlüyümüz tam bərpa olundu. Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı xalqa müraciət etdi.

  25 sentyabr. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Azərbaycan-Türkiyə sənədləri imzalandı.

29 sentyabr. Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi oldu. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış etdi.

 2 oktyabr. Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər.

15 oktyabr. Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və çıxış etdi.

 

23 oktyabr. Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimləri keçirildi.

 23-25 oktyabr. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi keçirildi.

 

26 oktyabr. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

 

3 noyabr. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirildi.

8 noyabr. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak etdilər.

 15 noyabr. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak etdilər.

 24 noyabr. Bakı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etdi.

  

28 noyabr. Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzaladı.

7 dekabr. Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzaladı.

7 dekabr. Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak etdi.

8 dekabr- Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri - Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi – FIA Prize-Giving Ceremony baş tutdu.

21 dekabr. 30 illik fasilədən sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” ilk dəfə “MOİK”lə oyununu Xankəndi şəhər stadionunda keçirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin iştirakı ilə ilk dəfə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı canlı izləmək şansı əldə etdi.

25 dekabr. Prezident İlham Əliyev Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladı.

27 dekabr. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Fərman imzaladı.