Prezident İlham Əliyev dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şərəf” ordeni ilə təltif edilsin".
Qeyd edək ki, dekabrın 22-də Ramil Usubovun 75 yaşı tamam olub.
Ramil Usubov 1948-ci ildə Xocalı rayonunda anadan olub. O,1970-ci ildən daxili işlər orqanlarında xidmət etməyə başlayıb.
Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.
Cinayət-axtarış strukturlarında xidmət edib, 1975-ci ildən 1980-ci ilədək Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.
1987-1989 və 1993-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, 1994-cu ildən 2019-cu ilədək isə Azərbaycanın 7-ci daxili işlər naziri vəzifəsində çalışıb.