Daşkənddəki diasporumuz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili qeyd edib
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) və Daşkənd şəhəri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə mərasim keçirilib. YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən AMM-nin sədri Firdovsi Hüseynov Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətini oxuyub.
RAMMM-nin sədri Mobil Məmmədov bu bayramın ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin hələ 1991-ci ildə Naxçıvanda işlədiyi vaxt Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması ilə əlaqədar qəbul etdiyi qərarın tarixi əhəmiyyəti, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması işində Ulu Öndərin müstəsna xidmətləri haqqında məlumat verib.
M.Məmmədov Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi sosial-iqtisadi layihələr barədə danışıb.
Diasporumuzun üzvlərindən Əjdər Əliyev, Fikrət Quliyev, Yusif Əliyev və başqaları çıxış edərək bütün dünyada yaşayan soydaşlarımızın bir araya gəlməsində bu günün əhəmiyyətini vurğulayıblar.