Azərbaycan ilə dost və qardaş ölkə olan Qazaxıstan arasında ticarət dövriyyəsi sürətlə artır. Belə ki, əgər ötən il ərzində ümumi ticarət dövriyyəsinin həcmi 142 milyon dollar olmuşdusa, bu ilin altı ayında bu göstərici artıq 117 milyon dollara çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Qeyd edilir ki. 2018-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 116,48 milyon dollar, o cümlədən idxalın həcmi 93,43 milyon dollar, ixracın həcmi 23,05 milyon dollar təşkil edib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsində 56,4, o cümlədən ixracın 67,6, idxalın isə 53,8 faiz artdığını göstərir.
İdxalda artım əsasən yanacaq məhsulları, xam neft və buğda, ixracda isə qara metallar, reaktiv kerosin yanacağı, maşın, elektrotexniki avadanlıq, toxuculuq məmulatları və s. hesabına olub.
Bundan əlavə, cari ilin birinci rübündə Qazaxıstan Azərbaycanın 15 ən iri ixracatçısı sırasına daxil olub. Hazırda Azərbaycan Qazaxıstandan taxıl, qara metal, lokomotivlər, dəmir yolu infrastrukturuna aid avadanlıqlar, yanacaq məhsulları, bəzi növ sənaye məhsulları idxal edir və bəzi neft avadanlığı, metalokonstruksiya, kənd təsərrüfatı və yeyinti məhsulları ixrac edir.