“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası çərçivəsində yaradılmış Xüsusi İşçi Qrupun ilk iclası Bakıda öz işinə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən tədbirdə Xəzəryanı ölkələrin Xarici İşlər və Ətraf Mühit üzrə nazirliklərinin səlahiyyətli nümayəndələri, həmçinin Konvensiya katibliyi funksiyalarını yerinə yetirən BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisinin əməkdaşları iştirak edirlər.
YeniAvropa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib.
O qeyd edib ki, hazırda Azərbaycan tərəfi Konvensiyanın Tərəflər Konfransına sədrlik edir, tərəflər Konvensiya katibliyinin regionda yerləşdirilməsi ilə bağlı institusional mexanizmlərin razılaşdırılması üçün müzakirələr aparır, ekspertlər tərəfindən müvafiq sənədlər hazırlanır.
Xatırladaq ki, Xüsusi İşçi Qrupun yaradılması bu il sentyabrın 21-22-də İsveçrənin Cenevrə şəhərində keçirilən Xəzəryanı ölkələrin ətraf mühit nazirlərinin görüşündə qərara alınıb.