Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım və qrup üzvləri ilə görüşüblər.
Şamil Ayrım Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhliman Əmiraslanovu və deputatlar Məlahət İbrahimqızı, Ramin Məmmədov, Fəzail Ağamalı, Nizami Cəfərov, Əziz Ələkbərli, Cavanşir Feyziyev, Naqif Həmzəyev və Anar İsgəndərovu salamlayaraq, iki qardaş ölkənin parlamentlərarası əlaqələrinin inkişafından və əməkdaşlığın prespektivlərindən danışıb.
Görüşdə Əhliman Əmiraslanov qardaş Türkiyənin Azərbaycanın ən yaxın strateji müttəfiqi olduğunu qeyd edib. Tarixi köklərimizdən gələn və hər iki dövlət rəhbərinin dəstəyi ilə daha da möhkəmlənən Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının əbədi olacağı vurğulanıb.
Sonda TBMM-nin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil edilib.