logo

Azərbaycan-Peru parlament əlaqələri müzakirə edilib

16:56 12-12-2023 | icon 1232
Azərbaycan-Peru parlament əlaqələri müzakirə edilib

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov bu ölkənin Konqresinin sədri Alexandro Soto Reyes və Beynəlxalq əlaqələr komissiyasının sədri Alexandro Aguinaqa ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı səfirliyindən bildirilib.

Görüşlər zamanı ölkələrimiz arasındakı parlamentlərarası əməkdaşlıq əlaqələrinin uğurlu inkişafı, ticarət-iqtisadi, turizm, mədəni-humanitar, təhsil və digər sahələrdəki münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

M.Talıbov Azərbaycan ilə Peru arasında iqtisadi, siyasi və sosial sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Diplomat regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin geosiyasi proseslərə müsbət təsirindən də danışıb..

Azərbaycan diplomatı Peru rəsmilərini regiondakı vəziyyət, gündəlikdəki sülh prosesinin gedişatı barədə məlumatlandırıb. Səfir Azərbaycan ərazilərində Ermənistan tərəfindən uzun müddət etnik təmizləmə və vandalizm aktları həyata keçirildiyini, işğala 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Zəfərlə son qoyulduğunu, tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb.

Görüş zamanı diplomat Peru hökumətinə keçmiş Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə görə bir daha təşəkkürünü bildirib.

Görüş əsnasında Peru səfirliyinin Azərbaycanda fəaliyyətinin bərpası məsələsi və bu amilin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin yaradılmasına əlavə təkan verəcəyi qeyd edilib.

Konqresin sədri A. Soto Reyes ölkələrimizin əlaqələrinin uğurla inkişaf etdiyini bildirərək, Peru ilə Azərbaycan arasında, əsasən siyasi, ticarət-iqtisadi, investisiya, o cümlədən enerji, neft-kimya və kənd təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığının inkişafında maraqlı olduqlarını vurğulayıb. O, hər iki ölkənin parlament nümayəndələri arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi, müxtəlif sahələrdə gələcək əməkdaşlığın perspektivlərinə dair mütəmadi fikir mübadiləsinin ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə qaldıracağına inandığını söyləyib.

Beynəlxalq əlaqələr komissiyasının sədri A.Aguinaqa ilə görüşdə Məmməd Talıbov ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri, o cümlədən parlamentlər səviyyəsində fəal əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib.

Söhbət zamanı, müasir dövrdə dövlətlərarası əlaqələr və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu barədə fikir mübadiləsi aparılıb.