Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş naziri Aparatının münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında sülh sazişinin imzalanmasına dair tərəflərin ortaq niyyətini təsdiq edən birgə açıqlamasını alqışlayır.
YeniAvropa BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən brifinqdə təşkilatın mətbuat katibi Stefan Düjarrik bildirib.
Azərbaycan və Ermənistan birgə açıqlamada qeyd edirlər ki, bu gün “regionda çoxdan gözlənilən sülhə nail olunması üçün tarixi fürsət yaranıb”. Hər iki ölkə münasibətlərin normallaşdırılması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olunması üzrə öz niyyətlərini təsdiq edib.
Stefan Düjarrik vurğulayıb: “Baş katib Ermənistan və Azərbaycanın etimadın möhkəmləndirilməsi üzrə tədbirlər silsiləsini elan edən və ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliyi təsdiqləyən birgə açıqlamasını alqışlayır. Birləşmiş Millətlər Təşkilatı qarşılıqlı etimada və bütün regionun əhalisinin rifahı naminə uzunmüddətli sülhə nail olmaq üçün tərəfləri əldə olunmuş razılaşmaya əsaslanmağa çağırır”.
Bakı və İrəvanın cümə axşamı günü yaydıqları açıqlamada, həmçinin əsirlərin mübadiləsi və beynəlxalq arenada bir sıra layihələr üzrə bir-birinə dəstək verilməsi barədə bildirilir.
Xüsusən, Ermənistan “xoş niyyət jesti” kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının keçirilməsinə Azərbaycanın namizədliyini dəstəkləyib, həmçinin Azərbaycan “xoş niyyət jesti” kimi Bakının Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bəyan edib.