logo

Azərbaycan-Avropa Şurası əməkdaşlığı müzakirə olunub

14:54 08-12-2023 | icon 1253
Azərbaycan-Avropa Şurası əməkdaşlığı müzakirə olunub

Dekabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının(AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Avropa Şurası arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın AŞ-ya üzv olmasından ötən müddət ərzində insan hüquqlarının qorunması, qanunun aliliyi və demokratiyanın inkişafı sahələri üzrə Təşkilatla yaxından əməkdaşlıq etdiyini, aidiyyəti üzrə bir sıra Konvensiyalara qoşulduğunu, habelə müxtəlif birgə proqramların həyata keçirildiyini məmnunluqla qeyd edib.

Bu il mayın 17-də Reykyavik şəhərində keçirilən AŞ-nın Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşünə istinad edən nazir Ceyhun Bayramov, AŞ çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi baxımından bu kimi görüşlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs edən tərəflər xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, medianın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın səmərəli nəticələr verdiyini bildiriblər.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa-quruculuq işləri, bu fəaliyyətə və vətəndaşlarımızın təhlükəsizliyinə hədə olan mina təhdidi, Qarabağ bölgəsindəki erməni sakinlərin reinteqrasiyası, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs edən nazir Ceyhun Bayramov, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğunun bu qəbildən olan ən böyük təhdidlərdən biri olduğunu qeyd edib. Bu istiqamətdə, sözügedən antiterror tədbirlərinin görülməsinin bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinin qarşısında duran maneələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Antiterror tədbirlərindən sonra bölgəyə səfər edən Avropa Şurası daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiq etdiyi kimi, Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində irəli sürülən iddiaların əksinə, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının müşahidə olunmadığı vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə olunub.