logo

Şahin Mustafayev: ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya yatırıb

18:16 08-09-2018 | icon 2877
Şahin Mustafayev: ABŞ Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya yatırıb

İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə keçirdiyi görüşdə deyib.

Görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən Birləşmiş Ştatlarla kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və sair sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur: “Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və sair sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil edib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 milyard dollardan çox investisiya qoyulub ki, bunun da 1 milyard dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”.

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters "Azərbaycan Rəqabətlilik Forumu 2018"də iştirak etmək üçün ölkəmizə səfər etdiyini qeyd edərək, forumun yüksək səviyyədə təşkilindən, ABŞ şirkətlərinin forumda iştirakından məmnunluğunu ifadə edib.

O bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, sahibkarlığın inkişafı sahəsində görülən işlər ABŞ-da da müsbət qarşılanır.

Bir sıra ABŞ şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini qeyd edən B.Makfiters vurğulayıb ki, Azərbaycanın regionda enerji sahəsində güclü mövqeyə malik olması, sabitliyini qoruyub saxlaması ABŞ iş adamlarının, eləcə də USAID-in və SEDA layihəsinin Azərbaycana marağını daha da artırır. ABŞ şirkətləri Azərbaycanda digər sahələrlə yanaşı, turizm, kənd təsərrüfatı, alternativ enerji və sair sahələrində də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.